Essenin növləri: oxşar və fərqli xüsusiyyətləri

Tarix: 29.09.2023
Paylaş:

Azərbaycan dili fənninin yazı məzmun xətləri üzrə standartlarında tədricən essenin növlərinə fərqli yanaşmalar özünü göstərmişdir. Fənn kurikulumunun ilk mərhələsində essenin üç növü müəyyən edilmiş və standartlara daxil edilmişdir. Bunlar təsviri, nəqli, mühakimə xarakterli esse yazı növləridir. Lakin kurikulumun təkmilləşdirilməsi kimi dəyərləndirdiyimiz son dövrdə standartlara essenin yazı tiplərinə görə dörd növü daxil edilir: təsviri, nəqli, informativ, mühakimə xarakterli esse növləri.

Öncə bu növlər arasında oxşar və fərqli xüsusiyyətləri müəyyənləşdirək, bundan sonra hər birinin xüsusiyyətlərini ayrıca izah etmək olar.

Esse növlərinin oxşar xüsusiyyətlərini belə ümumiləşdirə bilərik:

Növündən asılı olmayaraq essenin məzmununun əsas elementləri müəllif mövqeyi, onun əsaslandırılması, fikirlərin dəstəklənməsi və müəllifin gəldiyi qənaətdir. Yəni təsviri, nəqli, informativ esselərdə də mühakimə xarakterli essedə olduğu kimi, tezis izlənilir. Başqa sözlə, yazı tipindən asılı olmayaraq hər bir esse növü müəllifinin mövqeyini və onun dəstəklənməsini əks etdirir.

Qeyd etdiyimiz elementlərin mətndə qruplaşdırılması mətnin üçhissəli strukturunu tələb edir. Yəni hər bir esse növü giriş, əsas və nəticə hissələrindən ibarət mətnə malikdir.

Esse növlərinin fərqli xüsusiyyətlərini necə xülasələşdirə bilərik?

Nəqli esse üçün xarakterik xüsusiyyət kompozisiyanın daha sərbəst olması və həyati hadisə əsasında yazılmasıdır. Essenin kompozisiyasında elementlər müxtəlif şəkillərdə qruplaşdırıla bilər, məsələn, giriş hissəsi klassik üslubda olmaya da bilər, birbaşa hadisə ilə başlayar və s.

Sərbəst kompozisiya təsviri esseyə də xas xüsusiyyətdir. Lakin onu digər növlərdən fərqləndirən əsas cəhət yaddaqalan mənzərə yaratmaq üçün obrazlı dili tələb etməsidir.

Təsviri esse bəzən nəqli esse ilə qarışdırılır. Bu özünü situasiyanın təsvirini əks etdirən esse növündə göstərir. Şagirdlərə vəziyyət, şəraitin təsviri ilə hadisə anlayışını fərqləndirməyi öyrətməklə problemi həll etmək olar.

İnformativ esse bəzən mühakimə xarakterli esse ilə qarışdırıla bilir. Onları fərqləndirən cəhət budur ki, informativ essedə orijinal əsaslandırma tələb olunmur. Lakin mühakimə xarakterli essenin əsas xüsusiyyəti özünəməxsus əsaslandırmanın olması ilə yanaşı, həm də şəxsi mövqeyin ifadəsinin vacibliyidir.

Essenin növlərinin xüsusiyyətləri 

Azərbaycan dili dərslərində ibtidai siniflərdən başlayaraq essenin dörd növü öyrədilir. İbtidai sinifdə şagirdlər essenin müxtəlif elementləri ilə tanış olur, klassik mətn tipində onların hissələr üzrə qruplaşdırılması biliklərinə yiyələnirlər.

Ümumi orta təhsil mərhələsinin aşağı siniflərində də şagirdlərin öncə esse mətnlərinin klassik tipi ilə bağlı biliklərini qüvvətləndirmək vacibdir.

Təsviri essenin klassik strukturunu belə izah edə bilərik:

Giriş hissədə təsvir obyekti haqqında məlumat verilir. Onunla bağlı təəssürat ifadə edilir. Məsələn:

Mənə ən çox təsir edən şəxs mənim babam olub. Babam mənə qayğıkeş, gülərüzlü, mərhəmətli olmağı öyrədib. Babam çox sevdiyim və dəyər verdiyim bir insandır.

Əsas hissədə predmet detallı təsvir olunur. Girişdə göstərilmiş arqumentlər dəstəklənir. Öncə ilk abzasda babanın zahiri görkəmi təsvir olunub portreti yaradıla bilər. Daha sonra girişdə verilmiş arqumentləri sübut etmək üçün babanın xüsusiyyətlərinin təsviri ilə birgə onları isbat edən məqamlar nümunə gətirilir. Nəticədə arqumentlər ümumiləşdirilir, bir daha həmin insana olan şəxsi münasibət, təəssürüt və ya duyğu ifadə edilir.

Təsviri esse predmeti təqdim etmək, diqqəti bir predmetin üzərinə çəkmək, təəssürat və ya duyğuları bölüşmək kimi məqsədlərlə yazılır. Təsviri esse obyekt və situasiya əsasında yazılır. Obyekt insan, məkan və əşya ola bilər.

Nəqli esse giriş hissədə müəyyən bir ictimai, fəlsəfi məsələnin qoyulması ilə başlayır, həmin məsələ ilə bağlı əsaslandırılmış mövqe ifadə olunur, hadisə nəql edilir. Və yaxud öncə hadisə nəql edilir, sonra ondan nəticə çıxarılıb qaldırılmış məsələyə münasibət bildirilir. Bir şagird yazısı nümunəsinə baxaq və onun quruluşunu nəzərdən keçirək:

Əlavə məlumat toplamaq tapşırığı nəyə lazımdır?

Hər birimiz müxtəlif dərslərdə müəllimin tapşırığı ilə əlavə məlumat toplamışıq. Bəzən bu məlumatlar bizə müəllimlər tərəfindən ev tapşırığı kimi verilir. Biz də məcburən tapşırıqları yerinə yetiririk: ensiklopediyalardan və ya internetdən axtararaq məlumat toplayırıq. Bəs düşünmüşükmü, bu bizə nə fayda verir? Bu bizə nəyə görə lazımdır?

Müəllimlərim mənə hər dəfə məlumat toplamaq üçün tapşırıq verəndə anamdan xahiş edərdim ki, mənə kömək etsin. Anam da hər dəfə verilmiş mövzu üzrə məlumatlar toplayıb mənə verərdi. İlk tapşırığımdan başlayaraq uzun illər belə davam etmişdi.

 Həmişə olduğu kimi, bir dəfə yenə musiqi müəllimi məlumat toplamağı tapşırmışdı. Mən də həmişəki adətim üzrə anamın yanına getdim. Onu məcbur etdim ki, mənə məlumat toplasın. Anam məndən soruşdu:

– Bu məlumatlardan sinifdə necə istifadə edirsiniz?

– Hərə öz topladığı məlumatı oxuyur.

– Sadəcə bumu?

– Hə.

– Qızım, əvvəl topladığın məlumatlar yadındadır?

– Yox.

– Bəs onda müəllim sizə niyə əlavə məlumat toplamağı tapşırır?

Anamın sözləri məni düşündürdü.

Məncə, siz də anamla razısınız. Unudulacaq şeyi niyə bir də oxuyaq axı?!. Görəsən, bəs necə edək ki, topladığımız məlumat uzun müddət yadımızda qalsın?

Essenin quruluşunu belə təsvir edə bilərik: giriş hissədə problem qoyulmuş, əsas hissədə həmin problemi işıqlandıran hadisə təsvir edilmişdir. Girişdə şagirdin mövqeyi tam açıq şəkildə ifadə edilməsə də, ona işarə vardır, əsas hissədə də problemin həllinə bir işarə verilir. Nəqli essedə bədii xüsusiyyətlərə malik sətiraltı mənalı cümlələrin istifadəsi mümkündür. Nəticə hissəsində problemin həlli – başqa sözlə, qarşıya qoyulmuş sualın cavablandırılması oxucunun ixtiyarına verilir. Nəqli essenin sərbəst kompozisiya xüsusiyyətləri bu essedə ən maraqlı tərəfləri ilə müşahidə edilir.

Nəqli esse təcrübə bölüşmək, məsələyə münasibət bildirmək, nümunə göstərmək və s. məqsədlərlə yazılır.

İnformativ esse iki növə ayrılır: məlumatlandırıcı və izahedici. Məlumatlandırıcı esse predmet haqqında məlumat vermək, izahedici esse isə bir prosesi izah etmək məqsədilə yazılır. İnformativ essenin giriş hissəsində mövzu təqdim edilir və onun haqqında ümumi məlumat verilir. Belə esselərin də giriş hissəsində tezis qoyulur. İnformasiya mövzusu ilə bağlı müəllifin fikri və onun dəstəklənməsi önəmlidir. İnformativ esseni informasiya mətnindən fərqləndirən cəhət məhz budur. Giriş nümunəsinə baxaq:

 Ceyms Bolduin bunu hamıdan yaxşı demişdir: “Mən Avropada çox insanla qarşılaşdım, hətta özümlə də üz-üzə gəldim”. (Болдуин, 2014). Tək səyahət etmək nəinki yalnız cəlbedici zirvələri fəth etməyə imkan yaradacaq, həmçinin sizi özünüzlə – səbatınız, macərapərəst ruhunuz, azadlığınızla tanış edəcək. Tək səyahət etmək ayaqqabınızın bağını bağlamaq qədər vacibdir ki, bunu da məhz bu gün öyrənməlisiniz. 

Nümunədən göründüyü kimi, müəllif essedə tək səyahət etməyin vacibliyini vurğulamaqla mövzuya öz münasibətini bildirmişdir. Essenin əsas hissəsində tək səyahət zamanı nəzərə alınacaq məsələlər haqqında bəhs etməklə oxucuları məlumatlandırmağa çalışmışdır:

Birincisi, tək səyahət etmək üçün ən uğurlu üsullardan biri öz məkanını öyrənməkdir. Turistlər üçün bir nömrəli təhlükə küçənin ortasında dayanıb onun GPS-nə kiminsə baxmasıdır.

Əsas hissənin birinci abzasında verilmiş bu arqument nümunələrlə dəstəklənir.

Esse-mühakimənin də giriş hissəsində mövzu təqdim edilir, problem və tezis qoyulur. Əsas hissədə arqumentər isbat edilir, bu arqumentlər nəticədə ümumiləşdirilir və qənaət çıxarılır.

Essenin ən mürəkkəb növü mühakimə xarakterli essedir. Esse-mühakimənin də öz növləri var. Bunlar arqumentləşdirmənin tiplərinə görə müəyyənləşdirilir. Problemin qoyuluşu müxtəlif arqumentləşdirmə tipi tələb edir. Məsələn, qoyulmuş problemin həlli, mövqe və onun əsalandırılması, ziddiyyətli məsələyə münasibət bildirməklə öz arqumentini isbat etmək, qarşı tərəfin arqumentini təkzib etməklə öz mövqeyini əsaslandırmaq, predmetə münasibət bildirib faydalı və zərərli tərəflərini əsaslandırmaq və s. Məsələn:

Müasir dövrdə əsas işlə yanaşı, müxtəlif yarımgünlük işlərlə məşğul olurlar. Bunun faydası və ziyanı nələrdir? Fikrinizi əsaslandırmaq üçün misallardan istifadə edin.

Bu sualın cavablandırıldığı bir giriş hissəsi nümunəsinə baxaq:

Cəmiyyətin inkişaf etməsi ilə əlaqədar insanların yaşayış tərzi də tədricən dəyişir. Dövrümüzdə insanların müxtəlif yarımgünlük işlərdə işləməsi geniş yayılmışdır. Bunun şahidi olan insanlar bir neçə işdə işləməyin onlara faydalı və ya zərərli olduğunu da dərk etməyə çalışırlar. Bəziləri yarımgünlük işləyərək onlara maraqlı gələn müxtəlif sahələrdə eyni zamanda çalışmaq və daha çox pul qazanmaq şansı əldə edirlər. Lakin bəzi insanlar düşünürlər ki, eyni gündə müxtəlif işlərlə məşğul olmaq çox enerji və vaxt tələb edir. Düşünürəm ki, belə iş şəraitinin insanlar üçün faydası ilə yanaşı, zərəri də vardır.  

Essenin əsas hissəsində arqumentlər gətirilərək müəllifin mövqeyi isbat edilmişdir.

Essenin bu əsas növlərindən başqa, tədrisdə diqqəti çəkən daha bir esse növü var ki, tənqidi esse adı ilə məlumdur. Belə esselər, adətən, bədii mətn əsasında yazılır. Essenin bu növü yazı tipinə görə izahedici və ya mühakimə xarakterli ola bilər. Əgər mətnin məzmunu, sadəcə, obyektiv təhlil edilirsə, bu, izahedici essedir. Əgər essedə ədəbi tənqidə də yer verilərsə, bu esse mühakimə xarakterli esse olar. Buna görə də tənqidi esse adlanan bu növ analitik esse kimi də tanınır.

İzahlardan göründüyü kimi, esse növlərinin oxşar və fərqli xüsusiyyətlərində bir çox incə məqamlar var ki, müəllimlər bunları nəzərə almaqla şagirdləri düzgün istiqamətləndirə bilərlər.

 

Könül Aydın Nəhmətova

ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Könül Aydın Nəhmətova. Esse: yazı tiplərinə görə növləri. “Elm və təhsil”, Bakı, 2022.
  2. Dorothy E Zamach, Liza A Rumisek. Academic Writing. From paragraph to essay. https://library.unmas.ac.id/repository/EBK-00032.pdf