ARTİ yeni tədris ili üzrə “Refleksiv müəllim” seminarlarına start verib

Tarix: 24.10.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi 2023–2024-cü tədris ili üzrə “Refleksiv müəllim” layihəsi ilə bağlı seminarlara başlayıb.

Oktyabr ayından start verilən seminarlar 159 və 162 nömrəli tam orta məktəblərdə təşkil edilib.

18 oktyabr tarixində təşkil olunan ilk seminar Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. Seminarda 159 nömrəli tam orta məktəbin müəllimi Vəfa Əfəndiyeva V sinif “Azərbaycan dili” dərsliyində olan “Rəvayətli ifadələr” mövzusu üzrə icmal təqdim edib.

Seminar zamanı qrup işinin mahiyyəti və tətbiqi, motivasiyanın qurulması, metodik vəsaitdən istifadə qaydası, dərsdə istifadə olunan iş üsulları, qiymətləndirmə meyarları, fərdi və qruplar üzrə qiymətləndirmənin aparılması məsələləri müzakirə edilib.

23 oktyabr tarixində 162 nömrəli tam orta məktəbdə təşkil edilən seminar isə riyaziyyat fənni üzrə keçirilib. Məktəbin ibtidai sinif müəllimi Rəna Xanlarova III sinif “Riyaziyyat” dərsliyində olan “Yuvarlaqlaşdırma” mövzusunda icmal təqdim edib.

Seminarda dərsin planlaşdırılması, vaxt bölgüsü, tapşırıqların seçilməsi, diferensial yanaşma, refleksiyanın aparılması məsələləri müzakirə olunub.

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.