PISA 2022-ci il nəticələrinin müzakirəsinə dair dəyirmi masa keçirilib

Tarix: 11.12.2023
Paylaş:

Dekabrın 9-da Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə PISA 2022-ci il nəticələrinin müzakirəsinə dair “dəyirmi masa” keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyi, nazirlik yanında İctimai Şura və ARTİ-nin nümayəndələri, təhsil ekspertləri, dərslik müəllifləri, həmçinin digər qonaqlar iştirak ediblər.

ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev qonaqları salamlayaraq PISA 2022-ci il nəticələrinin müzakirəsinə həsr olunmuş təqdimatla çıxış edib və nəticələr barədə məlumat verib.

Ardınca Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu çıxışında təhsil sahəsində aparılan islahatlar və məzmun dəyişikliklərindən bəhs edib.

İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev nazirliyin belə görüşlərin mütəmadi olaraq keçirilməsində maraqlı olduğunu bildirərək ictimaiyyətin mütəxəssislərlə dialoqunun davam etdiriləcəyini vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı müzakirələr aparılıb və gələcəkdə PISA tədqiqatlarının nəticələrinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlardan danışılıb. Müzakirələrdə həmçinin pedaqoji kadr hazırlığı, müəllimlərin peşəkar inkişafı, oxu savadlılığı, mütaliə vərdişlərinin formalaşdırılması, təhsildə qiymətləndirmə kimi məsələlərə diqqət yetirilib.

Görüşdə iştirak edən mütəxəssislər belə müzakirələrin əhəmiyyətini vurğulayıb, rəy və təkliflərini səsləndiriblər.

Görüş sual-cavab formatında davam etdirilib.