Azərbaycan Respublikasının Təhsil İnstitutunda yeni direktor müavininin təyinatı olub. Belə ki, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev ARTİ-nin yeni direktor müavini təyin olunub.
Fuad Qarayev bakalavr təhsilini Bakı Dövlət Universitetində, magistratura təhsilini isə Sumqayıt Dövlət Universitetində alıb. 17 il müxtəlif özəl və dövlət ümumtəhsil müəssisələrində və ali məktəblərdə riyaziyyat fənnini tədris edib. Uzun müddət beynəlxalq fənn olimpiadalarında riyaziyyat fənni üzrə komanda rəhbəri olub.
Fuad Qarayev 2014-2017-ci illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi, 2017-2020-ci illərdə Təhsil İnstitutunda şöbə müdiri, 2022-2023-cü illərdə isə Elm və Təhsil Nazirliyində sektor müdiri vəzifələrində çalışıb. O, 3 kitabın və 6 elmi məqalənin müəllifidir.
Fuad Qarayev Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.