Məktəblərdə dərsdinləmələrin nəticələrinə əsasən seminarların təşkili işinə start verilib

Tarix: 04.03.2022
Paylaş:

MDPİM tərəfindən məktəblərdə dərsdinləmələrin nəticələrinə əsasən müəyyən olunan mövzularda seminarların təşkili işinə start verilib. Seminarların təşkilində məqsəd müəllimlərə ehtiyac olan mövzularda lazımi metodik dəstəyin təmin olunmasıdır.
 
İlk seminar 38 nömrəli tam orta məktəbdə “Formativ qiymətləndirmə” mövzusunda keçirilib. Seminarda formativ qiymətləndirmənin məqsədi, üsul və vasitələri, effektiv əks-əlaqənin qurulması, konstruktiv rəyvermə mövzularına toxunulub, iştirakçılara çoxsaylı praktik nümunələr təqdim edilib.
 
Seminarda ibtidai sinif, Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 30 müəllim iştirak edib. Seminarda spiker qismində MDPİM-in Metodik xidmət şöbəsinin mütəxəssisi Aynur Həşimova çıxış edib.
 
Qeyd edək ki, lazımi metodik dəstəyin təmin edilməsi məqsədilə bu və digər məktəblərdə müxtəlif mövzularda ardıcıl seminarların və digər fəaliyyətlərin təşkili nəzərdə tutulub.