Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun – TALIS 2024–ün əsas mərhələsinə start verilib. Tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Məlumat olaraq bildirək ki, beynəlxalq tədqiqatın əsas mərhələsi üzrə məlumatların toplanması prosesinin bu ilin fevral ayı ərzində tamamlanması planlaşdırılıb. Əsas mərhələdə ölkəmizdə 222 məktəb üzrə ümumilikdə 4000-dən çox müəllimin və 222 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, tədqiqatın sınaq mərhələsi 2023-cü ildə həyata keçirilib.
Əlavə olaraq qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir. Belə ki, TALIS tədqiqatında iştirak edən müəllimlər və məktəb rəhbərləri aşağıda qeyd olunan istiqamətlər üzrə sualları cavablandırır:
• Müəllimlərin peşəkar inkişafı
• Müəllimlərin tədrisə dair baxışları
• Müəllimlərin işinin qiymətləndirilməsi
• İş yerində müəllimlərin və məktəb rəhbərlərinin qarşılaşdıqları problemlər
• Müəllimlərin və məktəb rəhbərlərinin idarəetmə haqqında fikirləri