Təhsil İnstitutu tərəfindən Məktəbin İnkişaf Planı çərçivəsində məktəblərdə fənn müəllimlərinin dərsləri müşahidə olunub.
20-23 fevral 2024-cü il tarixində müəllimlərin metodiki və pedaqoji fəaliyyətlərinin ölçülməsi məqsədilə Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən MİP reallaşdırılan növbəti 75, 227, 154 nömrəli məktəblərdə dərsdinləmələr keçirilib.
İbtidai siniflər üzrə riyaziyyat, Azərbaycan dili və ingilis dili fənn müəllimlərinin dərsləri müşahidə olunub, onlara fərdi rəy verilib. Dərs prosesinin qiymətləndirilməsi əvvəlcədən müəyyən edilən meyarlara, yəni dərsin planlaşdırılması, dərsin təşkili, müəllimin dərs prosesindəki fəaliyyəti, şagirdlərin dərs prosesindəki fəaliyyəti, qiymətləndirmə resurslardan istifadəyə əsasən aparılıb. Ümumi nəticələr dəyirmi masa ətrafında müəllimlərlə müzakirə edilib. Müzakirə prosesində ARTİ MDPİM-in əməkdaşları, məktəbin idarəetmə heyəti, dərsləri dinlənilən müəllimlər iştirak edib. Müəllimlərə dərs prosesində müşahidə olunan irəliləyişləri, eləcə də problemlərin həll yolları barədə tövsiyə verilib.
Qeyd edək ki, 2023-2024-cü tədris ili üzrə 3 il müddətində məktəblərdə reallaşdırılması nəzərdə tutulan MİP-in ikinci ilini təşkil edir. MİP çərçivəsində fəaliyyətlərin icrasının ölçülməsi məqsədilə növbəti günlərdə digər məktəblərdə dərslərin müşahidələrinin keçirilməsi nəzərdə tutulur.