Münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan şagirdləri partlayıcı sursatlar və minaların riskləri barədə biliklərinin artırılması məqsədilə müəllimlər üçün təlimlər təşkil olunur

Tarix: 15.02.2022
Paylaş:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilən “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində müəllimlərin təlimləndirilməsi davam edir.  

Şagirdlərə mina və Partlamamış Hərbi Sursat haqqında lazımi biliklər vermək və onları davranış qaydaları ilə yaxından tanış etmək məqsədilə ümumi təhsil müəssisələrinin müəllimləri üçün distant təlimlər təşkil edilib. Adı çəkilən təlimə Ağdam, Ağcabədi, Daşkəsən, Goranboy, Göygöl, Tərtər, Bərdə və Xocavənd rayonları üzrə ümumilikdə 743 nəfərdən ibarət müəllim heyəti cəlb edilib. Keçirilən təlimlərdə müəllimlərin minalar, onların növləri, minalanmış sahələr, risklər və bu risklərdən qorunma yolları barədə bilikləri artırılır.

12 akademik saatlıq təlimlər zamanı müəllimlər müvafiq mövzular üzrə nəzəri biliklər ilə yanaşı, həmçinin şagirdlərin mina təhlükəsinə dair daha yaxşı maarifləndirilməsi üçün praktik bacarıqlar əldə edirlər.  

Qeyd edək ki, adıçəkilən təlimlər Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə rayonlarının, eləcə də digər rayonlarda fəaliyyət göstərən məcburi köçkün ümumtəhsil müəssisələrinin müəllimlərini əhatə etməklə cari ilin fevral ayının sonunadək davam edəcək.