Azərbaycanda ilk dəfə keçirilən IELS tədqiqatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Sınaq mərhələsinin başlandığı 8 fevral tarixindən indiyə qədər 35 müəssisə üzrə 398 (70%) şagird imtahana cəlb olunub. Eyni zamanda 114 müəllim də onlar üçün nəzərdə tutulmuş sorğunu tamamlayıb.
Məlumat olaraq bildirək ki, tədqiqatın sınaq mərhələsi üçün Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşağın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial, emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə tədqiqatda ev və erkən uşaqlıq təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə seçilmiş uşaqların müəllimləri və valideynləri onlayn və kağız əsaslı sorğuda iştirak etməyə cəlb edilir.
Sınaq mərhəsi üzrə qiymətləndirmə 15 marta qədər davam edəcək. Müəssisələrdə qiymətləndirmə sessiyaları ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi tərəfindən müsahibə əsasında seçilmiş məktəbəqədər təhsil sahəsində təcrübəli şəxslər tərəfindən həyata keçirilir.
Nəzərinizə çatdırmaq istəyirik ki, IELS tədqiqatının əsas mərhələsi 2025-ci ildə həyata keçiriləcək.