Məktəbəqədər təhsil müəssisəsində təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layihələndirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcədən mükəmməl hazırlanan planlaşdırmadan asılıdır. Bu növ planlaşdırma özündə tərbiyəçi-müəllimin hər hansı inkişaf sahəsi üzrə nəzərdə tutulan yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. Orada konkret yaş qrupu üzrə məzmun standartları, məşğələ, mövzular, inteqrasiya, resurs və tarix kimi məsələlər əhatə olunur. Planlaşdırmanın köməyi ilə tərbiyəçi təhsil proqramının reallaşdırılmasına hazırlığı (pedaqoji vəzifələri, mövzunu, vaxtı müəyyən edir) həyata keçirir.
Sözügedən fəaliyyətə dəstək olmaq məqsədilə 29 fevral 2024-cü il tarixində Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı körpələr evi/uşaq bağçasında rayonun tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin planlaşdırılmasının xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib. Abşeronun Ceyranbatan, Digah, Fatmayı, Novxanı, Mehdiabad, Masazır, Qobu, Məhəmmədi kəndləri və Xırdalan şəhər bağçalarının müdirləri və tərbiyəçi-müəllimlərinin iştirak etdiyi tədbirdə məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinin planlaşdırılması, təlimin təşkilinə və idarə olunmasına yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.