13 – 14 mart tarixlərində Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində ümumi təhsil müəssisələrində dəstəkləyici mühitin qurulması istiqamətində “Uşaq onurğası sağlamlığında məktəb və ailənin rolu” mövzusunda seminar keçirilib.
Seminarda 18, 38, 51, 91, 111, 162, 227, 178 və 276 nömrəli məktəblərin direktor, direktor müavinləri, sinif rəhbərləri, psixoloqları, uşaq birliklərinin rəhbərləri, həmçinin şagirdlərin valideynləri iştirak ediblər. Seminarın moderatoru isə ELF Sağlamlıq Mərkəzinin direktoru və uşaq onurğasının bərpası istiqamətində 16 illik təcrübəyə malik Elfanə Süleymanova olub.
Seminarda şagirdlərin emosional intellektinin inkişaf etdirilməsi istiqamətində uşaq onurğası sağlamlığında məktəb və ailənin rolu, uşaq emosiyalarının idarə edilməsinin vacibliyi, uşaqların fiziki reaksiyaları, duyğuların idarə olunması, müxtəlif yaş dövrlərində şagirdlərin davranış dəyişikliyi, emosional vəziyyətin şagirdin onurğasına və digər orqanlarına təsirləri, bu problemlərin həlli ilə əlaqədar onlara necə dəstək göstərilməsi barədə müzakirələr aparılıb.
Seminar ərzində şagirdlərin emosional inkişafının dəstəklənməsi yollarının müəyyən edilməsi məqsədilə müəllimlər, əsasən də valideynlər tərəfindən moderatora ünvanlanmış suallar da cavablandırılıb. Moderator tərəfindən bu mövzuların həssaslığı, şagirdlərin gələcək həyatına təsiri, valideynlərin, eləcə də müəllimlərin şagirdlərin davranışlarına necə reaksiya vermələrinə dair tövsiyələr verilib. Bununla yanaşı, sözügedən mövzularda müəllim və valideynlərin əməkdaşlığının vacibliyi vurğulanıb.
Qeyd edək ki, ARTİ MDPİM tərəfindən ümumi təhsil müəssisələrində reallaşdırılan MİP-in inkişaf istiqamətlərindən biri də dəstəkləyici mühitin səmərəli təşkilidir. Əsas məqsəd isə şagirdlərin mənəvi, fiziki, emosional sağlamlığını, texniki təhlükəsizlik və mühafizəsini effektiv təmin etməkdir.
Dəstəkləyici mühitin qurulması istiqamətində ARTİ MDPİM tərəfindən keçirilən fəaliyyətlərlə yanaşı, bu prosesin digər tərəflərlə əməkdaşlıq şəklində də həyata keçirilməsi nəzərdə tutulur. Məktəblərin idarəetmə və pedaqoji heyəti, o cümlədən valideynlərin maarifləndirilməsi məqsədilə hazırda ELF Sağlamlıq Mərkəzi ilə əməkdaşlıq edilir. Sözügedən istiqamətdə fəaliyyətlərin MİP reallaşdırılan bütün ümumi təhsil müəssisələrində icra edilməsi planlaşdırılır.