Beynəlxalq Fənn Olimpiada qalibləri dünyanın nüfuzlu ali məktəblərinə qəbul olub

Tarix: 02.04.2024
Paylaş:

 

 

Azərbaycan təhsilinin keyfiyyətinin beynəlxalq arenada nümayiş etdirmə yollarından biri də beynəlxalq olimpiadalarda iştirak və orada uğurlu nəticələr əldə etməkdir.

Riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və astronomiya fənləri üzrə keçirilən beynəlxalq olimpiadalar hər il dünyanın müxtəlif ölkələrinin ev sahibliyi ilə həyata keçirilir. Azərbaycan məktəbliləri il ərzində 15-dən çox müxtəlif beynəlxalq fənn olimpiadalarında iştirak edir və uğurlu nəticələr əldə edirlər. Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində hər il 500-ə yaxın şagird müxtəlif yaş qrupları və müxtəlif fənlər üzrə hazırlıq prosesinə cəlb olunurlar. Eyni zamanda Bakıda və bölgələrdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən lisey və gimnaziyalarda xüsusi istedadlı şagirdlərlə iş istiqamətində nəticəyönümlü işlər görülür.

Beynəlxalq fənn olimpiada qalibləri ölkəmizdə istənilən ali məktəbin istənilən ixtisasına müsabiqədənkənar qəbul olmaq imkanı əldə edirlər. Təlim nəticələri, xarici dil bilikləri olduqca yaxşı olan, eyni zamanda respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri olan şagirdlər dünyanın nüfuzlu ali məktəblərinə tam təqaüdlə qəbul olunurlar. Belə ki, bu günlərdə fənn olimpiadaları qaliblərinin bir neçəsi Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutu (MIT), Kolumbiya Universiteti, Harvard Universiteti, İngiltərənin London Universitet Kolleci, London İmperial Kolleci, Sinqapurun Nanyang Texnologiya Universiteti və Koreyanın Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu (KAIST) kimi ali məktəblərinə qəbul olublar.

Məzunlarımızı, onların valideynlərini və dəyərli müəllimlərini təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!

Beynəlxalq olimpiada qalibləri 2024