Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıqlar çərçivəsində beynəlxalq mərkəz tərəfindən bu həftə PISA İdarə Heyətinin 57-ci görüşü keçirilir.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin və Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədovun PISA 2025 üzrə icra edilən və ediləcək fəaliyyətlər, PISA İdarə Heyətinin qərarvermə prosesi, PISA 2025-2030 üzrə müəyyən ediləcək büdcə, həyata keçiriləcək sınaq, əsas mərhələlər və digər məsələlər ilə bağlı müzakirələrdə iştirakı planlaşdırılır. Həmçinin, görüş həftəsi ərzində PISA İdarə Heyəti üzvləri üçün müxtəlif məktəblərə səfərlərin təşkili, PISA 2022-nin təhlili üzrə fəaliyyətlər, məktəblər üçün PISA layihəsi ilə bağlı məlumatların təqdimatı da nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı olan PISA 2025 (Programme for International Student Assessment) – də iştirak edəcək. Tədqiqatın sınaq mərhələsinin isə bu il həyata keçirilməsi planlaşdırılır.