COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizənin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib

Tarix: 13.05.2024
Paylaş:

COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində ARTİ və UNEC-in birgə əməkdaşlığı ilə 13 may 2024-cü il tarixində UNEC-də Heydər Əliyev Mərkəzində “İqlim dəyişikliyi ilə mübarizənin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin moderatoru ARTİ-də Təşkilati şöbənin müdiri, dosent Aynur Paşayeva bu il respublikamızda prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən də COP29 haqqında məruzə ilə çıxış edərək tədbiri açıq elan edib. Çıxışda iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəldiyi vurğulanıb.

ARTİ-nin Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışaraq qeyd edib ki, son 20 ildə Prezident cənab İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.

Məruzəçilər UNEC dosentləri İlqar Xəlilov və Afaq Hacıyeva iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən bəhs ediblər. Dos.Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən və COP29-un respublikamız üçün əhəmiyyətindən danışıb. Dos. İlqar Xəlilov isə İqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib.

Tədbir boyu tələbələrlə aktiv diskussiya aparılaraq, onların da bu məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib.