Azercell CUP 2024”-ə start verilir!

Tarix: 14.05.2024
Paylaş:

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu “Azercell Telekom” ilə birgə əməkdaşlıq çərçivəsində növbəti “AZERCELL CUP” müsabiqəsini elan edir. Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcək. 20 may saat 10:00-18:00 arasında azercellcup.org saytı vasitəsi ilə təşkil olunacaq.

Şagirdlərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün 15-19 may tarixlərində əvvəlki illərin sualları əsasında sınaq imtahanı keçiriləcək. Qeydiyyatdan keçənlər daxil olub sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanının nəticəsi əsas yarışa təsir etmir, sadəcə təcrübə toplamaq məqsədi ilə təşkil edilir.

Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq!