Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 17 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.
Seminarda Təhsil İnstitutunun aparıcı elmi işçisi, psixologiya ü.f.d. Bahar Bəylərova-Ələkbərova, elmi işçisi Könül Nəbiyeva günümüzün təhlükəsi hesab olunan narkomaniyaya səbəb ola biləcək halların psixo-pedaqoji vasitələrlə qarşısının alınması istiqamətinə həsr olunmuş “Narkotik asılılıq və onun formalaşma mərhələri” adlı təqdimatla çıxış ediblər.
Seminarda dərnək rəhbəri və müəllimlərin fərdi və peşəkar inkişafı, sinfin və dərsin təşkili, şagirdlər ilə münasibət və ünsiyyət qaydalarına riayət etməklə zərərli vərdiş hallarının profilaktikası, qarşısının alınmasının mümkünlüyünün psixo-pedaqoji aspektləri, narkotik vasitələrin zərərləri, fəsadları haqqında maarifləndirici təqdimat edildi.
Çıxışlar zamanı psixoaktiv maddə, onların mərkəzi sinir sisteminə təsiri, beynin funksiyalarını dəyişən, qavrayışda, hisslərdə, davranışda, şüurda və əhval-ruhiyyədə dəyişikliklərə səbəb olan fəsadlarından bəhs olunub. Eyni zamanda narkotik asılılıq və onun formalaşma mərhələləri, psixoloji, fizioloji, sosioloji risk faktorları, qorunma və xilasolma yolları haqqında məlumat verildi. Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və alverinə qarşı mübarizədə ailə, təhsil və cəmiyyətin qanunlar çərçivəsində birgə fəaliyyəti seminar iştirakçılarının diqqətinə çatdırılıb, bu istiqamətdə məqsədyönlü maarifləndirmə işlərinin davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.