COP29 ili çərçivəsində “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

Tarix: 20.05.2024
Paylaş:

COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhər 212 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə 17 may 2024-cü il tarixində “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova məruzə ilə çıxış edib və konfransın Təhsil İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəldiyini qeyd edərək bu sahədə məktəbdə görülən işlər haqqında ətraflı məlumat verib.

ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva elmi-praktik konfransın aktuallığından, təhsil müəssisələrində ekoloji biliklərin geniş təbliğindən danışıb, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində və ekoloji dünyagörüşün formalaşdırılmasında müəllim-şagird münasibətinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, təbiəti və onun bizə bəxş elədiyi bütün təbii resursları olduğu kimi saxlamaq, ekoloji tarazlığı qorumaq hər bir insanın mənəvi borcudur. Bu baxımdan da ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi məqsədilə genişmiqyaslı işlər görülüb.

Məruzəçi əməkdar müəllim Nailə Mustafayeva azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsindən, ekosistemin bərpasından danışıb.

Digər məruzəçilər ARTİ-nin böyük elmi işçisi Təranə İsmayılova, UNEC-in baş müəllimi Cəmilə Həsənova, “Yaşıl dünya” elmi-tədqiqat dərnəyinin rəhbəri Könül Bayramova dünyada, Azərbaycanda iqlim dəyişikliyinin yaranma səbəblərindən, təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan, iqlim dəyişikliyi ilə mübarizənin vacibliyindən və bunun nəticəsi olaraq maarifləndirmə işlərinin gücləndirilməsi zamanı ekoloji tərbiyənin aşılanması üçün təhsil müəssisələrinin üzərinə düşən böyük məsuliyyətdən bəhs ediblər.

Tədbir zamanı “Yaşıl dünya naminə həmrəylik ilinə” töhfə kimi məktəb kollektivi tərəfindən hazırlanan “Ekoloji tərbiyənin təhsildə rolu” adlı metodik vəsaitin təqdimatı olub. Məktəbin yaradıcı müəllim və şagirdlərinin rəsm əsərlərinin sərgisi, şagirdlərin ədəbi-bədii kompozisiyası və COP29-la bağlı videoçarxın nümayişi maraqla qarşılanıb.