Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq “Narkomaniya və onun fəsadları” mövzusunda növbəti seminar keçirilib

Tarix: 20.05.2024
Paylaş:

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 18 may 2024-cü il tarixində Təhsil İnstitutu və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.

Seminarda Təhsil İnstitutunun elmi işçisi Gülnarə Şahmuradova insanlığımızın mahiyyətinə toxunan bir mövzuda narkomaniya və onun səbəb olduğu psixoloji, sosial və mənəvi fəsadları haqqında “Narkotik asılılıq və onun formalaşma mərhələri” adlı təqdimatla çıxış edib.

Seminarda dərnək rəhbəri və müəllimlərin peşəkar inkişafı, təlim prosesinin təşkili və bu prosesdə şagirdlərlə səmərəli ünsiyyətin yolları, bu asılılığa düçar olmamaq üçün əsas faktor kimi təhsilin, maarifləndirmənin önəmindən bəhs edildi.

Çıxış zamanı narkomaniyanın fəsadları və xilas olma yolları, psixoaktiv maddə, onların davranışa, şüura və əhval-ruhiyyə təsirindən bəhs olunub. Həmçinin seminar çərçivəsində, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının qəbul etdiyi proqrama əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və alverinə qarşı mübarizədə ailə, təhsil və cəmiyyətin qanunlar çərçivəsində birgə fəaliyyəti seminar iştirakçılarının diqqətinə çatdırılıb və bu istiqamətdə məqsədyönlü maarifləndirmə işlərinin davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.