ARTİ MDPİM tərəfindən metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tarix: 20.05.2024
Paylaş:

Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Regional Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində metodik xidmət göstərən metodistlərin fəaliyyəti monitorinq olunub.

Bildiyiniz kimi, Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarəsinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodistlərin fəaliyyəti monitorinq olunur. Növbəti monitorinq Sabirabad, Lənkəran, Gəncə, Göyçay, Qax, Bərdə, Beyləqan, Şabran, Cəbrayıl, İsmayıllı şəhər və rayonlarda olan tam orta məktəblərdə keçirilir.

Məlum olduğu kimi monitorinqin məqsədi metodistlərin fəaliyyətinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodistlərə metodiki dəstəyin göstərilməsidir. Bu prosesdə məktəb rəhbəri ilə məktəbdə metodik işin təşkili barədə görüş təşkil edilir, onun tərəfindən metodistin fəaliyyətinin necə dəyərləndirilməsi barədə rəyləri dinlənilir. Sonrakı prosesdə həm metodistin həm də digər müəllimlərin dərsləri metodist ilə birlikdə müşahidə olunur, müəllimlərə verilən fərdi rəyvermə prosesi izlənilir.

Bundan əlavə metodist və müəllimlərlə metodiki dəstək məqsədilə təşkil edilən metodik görüşdə iştirak edilir, müşahidə meyarlarına uyğun qeydlər aparılır. Prosesin sonunda metodistlərlə fərdi görüş təşkil edilir, fəaliyyətlər refleksiya edilir, problemlər müəyyənləşdirilir, həll yolları müzakirə olunur və onlara müvafiq tövsiyələr verilir.

Qeyd edək ki, metodistlərin fəaliyyətinin məktəb rəhbərliyi tərəfindən dəstəklənməsi, onlara bu istiqamətdə uyğun imkanın yaradılması, eləcə də metodistlərin metodistlik fəaliyyətinə olan motivasiyasının yüksək olması bu işin effektiv keçirilməsinə şərait yaradır. Bildiyimiz kimi ümumi təhsil müəssisələrində metodiki işin təşkili zamanı əsas məqamlardan biri də müəllimlər arasında əməkdaşlığın qurulmasıdır. Bu istiqamətdə metodik işin təşkili fəaliyyətinin ilk günlərinə nəzərən bu fəaliyyətin həm müəllimlərin peşəkar inkişafında, həm də şagirdlərin nailiyyətində nə qədər əhəmiyyətli olduğu, həmçinin onlar tərəfindən müsbət dəyərləndirildiyi müşahidə olunur.

Qeyd edək ki, metodiki işin təşkili istiqamətində fəaliyyətlər davam etməkdədir.