COP29 ili çərçivəsində Təhsil İnstitutunun təşkilatçılığı ilə 20 may 2024-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” mövzusunda açıq mühazirə və virtual kitab sərgisi təşkil olunub.
Tədbirin moderatoru ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva təhsil müəssisələrində iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən danışaraq bu mühazirənin təşkilinin gənclər, tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb. Azərbaycanda ətraf mühitin, ekologiyanın qorunması və ölkə səviyyəsində bu sahədə görülən işlər, iqlim dəyişiklikləri zamanı qarşıya çıxan problemlərin qabaqcadan qarşısının alınması üçün həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib.
UNEC-in dosenti İlqar Xəlilov dünyada qlobal problemə çevrilən iqlim böhranından və onun Azərbaycana təsirindən geniş mühazirə ilə çıxış edib və qlobal istiləşmənin artmasının bəşəriyyətə, insanların sağlamlığına vuracağı zərərlərlə yanaşı, iqlim dəyişmələri zamanı digər ölkələrdə olduğu kimi Azərbaycanın da qarşılaşacağı ən böyük təhlükə kimi su qıtlığını göstərib. Mühazirədə ekologiyanı çirkləndirən havaya atılan emissiyalar, zəhərli maddələrlərin qarşısının alınması üçün mübarizənin vacibliyi və ekoloji problemin həlli yollarına toxunulub və tələbələrə ətraflı məlumat verilib.
UNEC-in kitabxana müdiri Arzu Məmmədova “Yaşıl kitabxana” haqqında maraqlı təqdimat edib. İqlim dəyişikliyi, ətraf mühitin qorunması, yaşıl iqtisadiyyat, yaşıl enerji, bunların Azərbaycan iqtisadiyyatına təsiri və digər mövzularla əlaqədar nəşr olunan əllidən çox elmi kitabların virtual sərgisini göstərib.
Məruzəçilər ARTİ-nin böyük elmi işçisi Təranə İsmayılova və UNEC-in baş müəllimi Cəmilə Həsənova iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin Azərbaycanla əlaqəsindən, “Yaşıl zona” – Qarabağın dünəni və bu günü” mövzusundan danışıblar.
Sonda tələbələrin sualları cavablandırılıb, onların da bu məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib.