Azercell Cup müsabiqəsinin birinci mərhələsi təşkil edilib

Tarix: 21.05.2024
Paylaş:

 

 

20 may 2024-cü il tarixində “Azercell Cup” müsabiqəsinin birinci mərhələsi virtual formatda www.azercellcup.org saytı vasitəsiylə keçirilib. Ümumilikdə birinci mərhələ və sınaq turu üçün 2009 nəfər müraciət edib. Yarış əsnasında 389 nəfər tərəfindən göndərilən 3119 həll avtomatik yoxlanılaraq qiymətləndirilib. Birinci mərhələnin nəticələrinə əsasən həll göndərib bal toplayan bütün iştirakçılar – ümumilikdə 165 nəfər növbəti turda iştirak hüququ qazanıb. Növbəti turlar haqqında məlumat saytda yerləşdirilib və iştirakçıların şəxsi kabinetinə göndərilib.

Artıq 3-cü ildir ki, təşkil edilən AzercellCup müsabiqəsi 6-cı və 7-ci sinif şagirdləri arasında, 3 dildə (Azərbaycan, rus və ingilis), şagirdlərin proqramlaşdırma və alqoritmik təfəkkürlərini ölçmək üçün iki proqramlaşdırma dili vasitəsi ilə (Python və C++) keçirilən müsabiqədir.

Müsabiqənin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb ediləcəklər.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq!