“Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili strategiyaları” mövzusunda dəyirmi masa keçirilib

Tarix: 22.05.2024
Paylaş:

 

Müasir dövrdə məktəbəqədər təhsilin səmərəli təşkili və onun nəticəliliyi pedaqoji prosesin təşkilində düzgün strategiyanın müəyyənləşdirilməsindən çox asılıdır. Düzgün strategiyanın müəyyənləşdirilməsi, işin səmərəli təşkili və bu zaman irəli sürülən tələblərin nəzərə alınması məktəbəqədər təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Düzgün strategiya ilə tərbiyəçi-müəllim təhsil proqramının reallaşdırılmasına hazırlığı (pedaqoji vəzifələri, mövzunu, vaxtı müəyyən edir) həyata keçirir.

Məktəbəqədər təhsilin yeniləşdirilməsi istiqamətində ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsi silsilə maarifləndirici tədbirlər təşkil edir. Sözügedən fəaliyyətə dəstək olmaq məqsədilə şöbə əməkdaşlarının iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 333 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllimləri həmçinin, “Sevinc” körpələr evi-uşaq bağçasının, 334 saylı körpələr evi-uşaq bağçasının, “Çiçək” körpələr evi-uşaq bağçasının və Müşviqabaq qəsəbəsinin 67 saylı körpələr evi-uşaq bağçasının rəhbərləri və tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili strategiyaları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və səmərəli strategiyaların müəyyənləşdirilməsi, təlim prosesinin planlaşdırılması, təlimin təşkilinə və idarə olunmasına yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.