COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində 22 may 2024-cü il tarixində Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri üçün “COP29 dünyanı yaşıl sülhə boyayacaq” mövzusunda maarifləndirici təqdimatlar, sənədli film nümayişi keçirilib.
Tədbirdə 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova ekoloji tərbiyənin formalaşdırılmasında, şagirdlərdə təbiətə sevgi və qayğının təbliğ olunmasında məktəb kollektivinin gördüyü işlər haqqında geniş məlumatla çıxış edib. Məktəbdə yaradılan ekoklubların fəaliyyətindən danışıb, onların keçirdiyi aksiyalarda – ağacəkmə, dənizkənarı ərazilərin təmizliyi, eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfranslarda çıxışların şagirdlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.
ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva ekologiyanın, təbiətin, ətraf mühitin qorumasında təhsil müəssisələrinin rolundan danışaraq bu sahədə təbliğat işinin daha da gücləndirilməsini qeyd edib. “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizdə görülən işlər haqqında qısa məlumat verib, bu sahənin daim diqqət mərkəzində olduğu göstərib və bəşəriyyətin, cəmiyyətin qorunması üçün Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi məhz dünyanın Azərbaycanda yaşıl sülhə boyanacağını vurğulayıb.
Tədbirdə ARTİ-nin baş mütəxəssisi Humay Cəbiyeva şagirdlər qarşısında çıxış edərək ətraf mühitin mühafizəsinin vacibliyini önə çəkib və təbiətə həssas yanaşmağın önəmli olduğunu bildirib. Məktəbin biologiya müəllimi Məlahət Əsədova gənc nəslin ətraf mühit ilə bağlı biliklərini möhkəmləndirmək məqsədilə tədbirdə iştirak edən şagirdlərlə sual-cavab əsasında onların biliklərini yoxlayıb və tədris zamanı dərslərdə ekoloji təbliğata daha çox yer verildiyini qeyd edib. “Yaşıl dünya” elmi-tədqiqat dərnəyinin rəhbəri Könül Bayramova iqlim dəyişikliyinin yaranma səbəblərindən, təsirlərindən, vurduğu ziyanlardan və bu təhlükənin qarşısının alınması üçün görülən tədbirlərdən, gənc iqlim elçilərinin maarifləndirici təbliğat işlərindən danışıb.
Tədbirdə məktəbin şagirdləri təbiətlə bağlı şeirlər söyləyib və daha sonra sənədli film nümayiş olunub.