Antinarkomaniya tədbiri çərçivəsində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda növbəti seminar baş tutub

Tarix: 24.05.2024
Paylaş:

Azərbaycan Respublikası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 22 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib.

Seminarda Azərbaycan Respublikasının Təhsil İnstitutunun böyük elmi işçisi Aynurə Əsgərova günümüzün təhlükəsi hesab olunan narkomaniyaya səbəb ola biləcək halların psixo-pedaqoji vasitələrlə qarşısının alınması istiqamətinə həsr olunmuş “Narkotik asılılıq və onun formalaşma mərhələləri” adlı təqdimatla çıxış edib.

XXI əsrin “ağ ölüm” adlanan dəhşəti bu günümüzün ən ağır bəlasıdır. Narkomaniya və zərərli vərdişlərdən asılılıq dövlətin və millətin varlığını, kimliyini, onun inkişafını təhdid edən ən təhlükəli problem olmaqda hələ də davam edir.

Seminarda narkomaniyaya qarşı mübarizənin çoxşaxəli və uzunmüddətli qlobal bir proses olduğu, bu sahədə dövlət proqramları çərçivəsində görülən tədbirlər vurğulanmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının insan sağlamlığına vurduğu zərərlərdən, yeniyetmə yaşlarında olan gənclərin adları sadalanan vasitələrdən uzaq durmaları üçün aparılan mübarizədən danışılıb.

Qeyd olunmuşdur ki, narkotik vasitə və zərərli vərdişlərdən asılılığın qarşısını almaq üçün bütün tədbirlər qarşılıqlı şəkildə təşkil olunmalıdır. Narkomaniyaya qarşı mübarizədə pedaqoq və valideyn faktoru yeniyetmələrlə işin təşkilində ən vacib nüansdır və onların birgə fəaliyyəti daha çox səmərəli nəticə verə bilər.