Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 25 may 2024-cü il tarixində Təhsil İnstitutu və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələri” mövzusunda seminar təşkil edilib.
Seminarda Təhsil İnstitutunun böyük elmi işçisi Günay Quliyeva günümüzün təhlükəsi hesab olunan narkomaniyaya səbəb ola biləcək halların psixo-pedaqoji vasitələrlə qarşısının alınmasına həsr olunmuş təqdimatla çıxış edib.
İnsan doğulduğu andan öyrənməyə və xarici aləmin təsirlərinə məruz qalmağa başlayır. Bu müddət ərzində o, məruz qaldığı vəziyyətlərdən qorunmaq üçün özündə bir mübarizə üsulunu inkişaf etdirməlidir. Onun inkişaf etdirdiyi bu mübarizə üsulunun sağlam və ya zərərli olmasına yaşayış mühiti, valideyn rəftarları, sosial-mədəni mühit yaxından təsir edir. Valideynlərin övladlarına qarşı qeyri-sağlam münasibəti, ailə üzvlərindən hər hansı birinin zərərli vərdişlərə aludəçiliyinin olması, təhlükəli dost seçimləri, uğursuz təhsil həyatı, cəmiyyətin narkomaniyaya baxışı risk yarada biləcəyi amillərdəndir.
Çıxış zamanı narkotik maddə istifadəsinin qarşısının alınmasının üç ayrı mərhələsi istiqamətində görülməli tədbirlərdən bəhs olunub: İlkin profilaktika: Burada məqsəd hələ heç istifadə etməmiş insanların istifadəsinin qarşısını almaq; İkinci dərəcəli profilaktika: Alkoqol və ya narkotik vasitələrdən istifadə edən, lakin vaxtından əvvəl aludəçiliyə çevrilməmiş şəxslərin müəyyən edilməsi, müalicəyə cəlb olunması, məsləhətlərin verilməsi və asılılığın qarşısının alınması; Üçüncü profilaktika: Bu mərhələdə məqsəd, maddələrdən istifadə edən insanların maddələrdən istifadə etmələrinin qarşısını almaq və bu maddələrdən istifadəni buraxdıqdan sonra yenidən istifadə etməyə başlamalarının qarşısını almaq. Tətbiq edilməsi tövsiyə edilən metodlar real imkan və şəraitlərə uyğun olmalıdır. Erkən yeniyetmə və yeniyetmələr üçün profilaktik proqramlarda akademik və sosial səriştənin (təhsil vərdişləri və akademik dəstək, ünsiyyət, həmyaşıdlarla ünsiyyət, ekstravertlik, zərərli vərdişlərə müqavimət göstərmək bacarığı, cinsi tərbiyə, şəxsi öhdəliyin gücləndirilməsi) artırılmasına diqqət yetirilməlidir .