Təhsil İnstitutu tərəfindən keçirilən “Müasir metodist” müsabiqəsinin birinci müsahibə mərhələsi başa çatıb

Tarix: 03.06.2024
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodik işin təşkili üzrə keçirilən metodist seçimi fəaliyyətinin müsahibə mərhələsi yekunlaşıb.

Müsahibənin birinci mərhələsinə Bakı, Abşeron, Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri cəlb olunublar. Müəllimlər əvvəlcədən təqdim edilmiş meyarlar: özünü təqdimetmə, dərsin planlaşdırılması, metodiki və pedaqoji savadlılıq, liderlik, problem həlletmə, əməkdaşlıq, ünsiyyət bacarığı əsasında müsahibə olunublar. Müəllimlərin problem həlletmə və peşələri üçün vacib olan digər bacarıqları situasiya tipli tapşırıqlar əsasında ölçülüb və dəyərləndirilib. Müsahibə mərhələsi bitəndən sonra təlimlərə cəlb olunacaq namizədlərə məlumat göndəriləcək.

Müsahibənin ikinci mərhələsinə Regional Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinə yuxarıda qeyd edilən fənn müəllimləri dəvət olunublar. Dərslərin davam etdiyi nəzərə alınaraq region müəllimləri üçün müsahibələrin onlayn şəkildə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsahibə mərhələsində ümumilikdə 850 müəllimin iştirakı nəzərdə tutulub.