Məktəb psixoloqları üçün təlimlər keçirilib

Tarix: 01.12.2021
Paylaş:

ARTİ və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 29-30 noyabr tarixlərində “Məktəb psixoloqu” layihəsi əsasında Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarına təlimlər keçirilib. Təlimlər ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil olunub və ümumilikdə 400-ə yaxın məktəb psixoloqu iştirak edib.

Təlimdə Psixologiya Elmi Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi Mətanət Əliyeva və MedEra Hospitalının psixoloqu Fidan Tağızadə təlimçi kimi çıxış ediblər.

Təlim zamanı Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə, intihara cəhd etmiş, eyni zamanda zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilib, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılmasına dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, növbəti gün təlimi uğurla bitirən iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlar təqdim ediləcək.