5 sentyabrda Bakı şəhəri, S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyada Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının (IJSO 2024) seçmə imtahanının I mərhələsi təşkil olunub. 3 saat davam edən imtahanda 2023/2024-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının fizika, kimya və biologiya fənlərinin qaliblərindən 2024-cü ildə 16 yaşı tamam olmayan şagirdlər iştirak edib. İmtahanda şagirdlərə fizika, kimya və biologiya fənləri üzrə ümumilikdə 45 sual təqdim olunub.
Birinci mərhələnin nəticələrinə əsasən seçilən şagirdlərlə intensiv dərslərə başlanacaq. Daha sonra 6 nəfərlik komandanın müəyyən ediləcəyi seçmə imtahanının II mərhələsi təşkil olunacaq.
Qeyd edək ki, Kimya, fizika və biologiya fənləri üzrə keçirilməsi planlaşdırılan Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan şagirdlərin kimya, fizika, biologiya fənləri üzrə istedadını müəyyən etmək, onlarda elmə marağı təşviq etmək, tənqidi düşünmə bacarığını aşkara çıxarmaqdır.
İmtahan nəticələri 10 sentyabr tarixindən etibarən arti.edu.az saytında elan olunacaq.