“Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində ARTİ-nin mütəxəssisləri tərəfindən müəllimlərlə tədris-metodiki seminarlar davam edir

Tarix: 11.09.2024
Paylaş:

10 sentyabrda “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində ARTİ-nin mütəxəssisləri tərəfindən müəllimlərlə tədris-metodiki seminarlar keçirilib.

Metodiki görüşlərdə Şərqi Zəngəzur RTİ-nin ibtidai sinif və Azərbaycan dili müəllimləri ilə ARTİ-nin mütəxəssisi Mirzəyeva Ülkər tərəfindən “Oxuyub-anlama dərslərinin təşkil edilməsi” mövzusu müzakirə edilib və müəllimlər dinlənilib.

Şərqi Zəngəzur RTİ-nin “Təbiət fənni üzrə istifadə olunan təlim strategiyaları” adlı görüşündə isə Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları üzrə 81 təbiət elmləri-fizika, kimya, biologiya, coğrafiya müəllimləri görüşdə iştirak edib və spiker qismində ARTİ mütəxəssisləri Sona Hacılı və Səbinə Balayeva çıxış edib.

Görüş zamanı təbiət fənninin əhəmiyyəti, şagirdlərin dərsə olan marağının artırılması üsulları, təbiət dərslərində istifadə olunan metodlar, təbiət fənləri zamanı müəllimlərin dərsin planlaşdırması, qiymətləndirmə vasitələrinin hazırlanması zamanı yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı mövzular müzakirə olunub.

Sonda müəllimlərin sualları cavablandırılıb və yeni tədris ilində müəllimlərin istifadə edəcəyi gündəlik planlaşdırma, layihə planlaması və illik planlaşdırma haqqında tövsiyələr verilib.

Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyada Təhsil İnstitutunun mütəxəssisi Elgün Əliyev tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri üçün “Riyazi bacarıqların həyatda tətbiqi” mövzusunda metodik seminar keçirilib.

Qeyd edək ki, “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində müəllimlərlə tədris-metodiki seminarlar davam etdiriləcək.