Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən Bakı şəhəri üzrə 54, 127, 144, 157, 158, 167, 240, 246, 267, 286, 307, 308 saylı ümumi təhsil məktəblərində fəaliyyət göstərən pedaqoji heyət üçün “Narkomaniya ilə mübarizədə məktəbin rolu” mövzusunda təlimlər təşkil edilib.
2-13 sentyabr tarixlərində baş tutan təlimlərin əsas məqsədi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün təsdiq edilmiş Dövlət Proqramı”na əsasən şagirdlər arasında narkomanlığın yayılmasına qarşı beynəlxalq təcrübəyə istinad etməklə müəllimləri narkotik vasitələr və psixotrop maddələrdən istifadə zamanı təhsilalanlarda yaranacaq fəsadlar barəsində düzgün maarifləndirilməsi olub.
Təlim iştirakçılarına psixoaktiv maddələrdən istifadənin risk amilləri, asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər, psixoaktiv maddələrdən istifadə zamanı yaranan fizoloji əlamətlər və emosional davranış dəyişiklikləri, absinent sindiromu, məktəblilərin PAM-dan istifadəsinin qarşısını almaq məqsədi ilə atılacaq ilkin addımlar, məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər planının hazırlanması kimi mühim mövzular tədris olunub.
Qeyd edək ki, təlimlərin ARTİ tərəfindən digər ümumi təhsil müsəssisələrində də təşkili nəzərdə tutulur.