30 sentyabrda ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsi tərəfindən Kürdəxanı qəsəbəsində yerləşən Şuşa rayon 7 nömrəli məktəbdə “Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
ARTİ-nin direktor müavini Aydın Əhmədov iştirakçıları salamlayaraq tədbiri açıq elan edib və mövzunun tarixi əhəmiyyətindən bəhs edib. Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin əməkdaşları tərəfindən isə mövzu ilə bağlı təqdimatlar edilib.
Daha sonra məktəbin şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib, 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib və Şuşa ilə bağlı videoçarx nümayiş etdirilib.
ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bibixanım İbadovanın “Azərbaycan ədəbiyyatında Şuşanın tarixi abidələri”, əməkdaşlar Günay Hüseynovanın “Şuşa ədəbi məclisləri”, Humay Alıkişiyevanın “Şuşa türk yazarlarının yaradıcılığında”, Sevda Alxasovanın “Şuşanın musiqi dünyası” mövzularında təqdimatları dinlənilib.
Tədbirdə Şuşa rayon icra hakimiyyəti, Şuşa Rayon Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumların nümayəndələri Şuşanın tarixi abidələri və mədəni irsi barədə çıxış ediblər.