“Təhsil siyasəti və yeniliklər” adlı konfrans keçirilib

Tarix: 29.10.2021
Paylaş:

“KIX EAP Hub” (https://www.gpekix.org/regional-hubs)  7, 14, 21 və 28 oktyabr 2021-ci il tarixlərində “Təhsil siyasəti və yeniliklər” adlı regional konfrans təşkil edib. Konfransın əsas məqsədi Qafqaz, Şərqi Avropa, Mərkəzi Asiya və digər ölkələrdə olan tədqiqatçılar, siyasətçilər və praktiklər arasında dialoqu inkişaf etdirmək, bilikləri səfərbər etmək və diqqəti milli və regional təcrübələrə cəlb etmək üçün təhsil sektorundan ekspert və qurumları bir araya gətirmək olub.

Konfransda aşağıda qeyd olunan 3 sahəni əhatə edən tədqiqat işləri, məqalələr üzrə qəbul olunmuş tezislərə dair təqdimatlar və çıxışlar olub:

ARTİ-nin icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova konfransda “Müəllimin tədris keyfiyyəti və məktəbəqədər yaş dövründə oxuyub anlama bacarıqlarının inkişafı arasında əlaqə” adlı mövzuya dair təqdimatla iştirak edib. Eləcə də, 2016-cı ilin PIRLS (Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqa­t) nəticələrinə əsasən 4-cü sinif şagirdlərində oxuyub anlama bacarıqlarının inkişafına təsir edən faktorlar arasında müəllimin tədris  keyfiyyəti və uşaqların məktəbəqədər təhsilə cəlb olunmağı barədə çıxış edib.

İ.Rəsulova təqdimat zamanı bildirib ki, müəllimin tədris keyfiyyətinin meyarlarından biri də onun peşəkar inkişafının yüksəldilməsidir. Məhz bütün bunları nəzərə alaraq  layihə çərçivəsində açılmış icma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən tərbiyəçi-müəllimlər üçün oxu strategiyaları və məktəbəqədər yaş dövründə oxunun faydaları və təsirləri ilə bağlı  321 müəllimə təlimlər keçirilib. Təlim keçmiş müəllimlər arasından təsadüfi seçilən 113 müəllim təlimdən öncəki və sonrakı dövr ilə bağlı sorğuları cavablandırıblar. Nəticələrə əsasən tərbiyəçi-müəllimlər məktəbəqədər yaş dövründə oxu strategiyaları, onların faydaları və gələcəkdə uşaqların oxuyub anlama bacarıqlarına təsir edəcək  vasitələr haqqında maarifləniblər. Təlimlərin praktik nəticəsi olaraq isə tərbiyəçi-müəllimlər mərkəzlərdə kitab guşələri yaradıb, oxuduğu nağıllarda uşaqların idrak bacarıqlarını inkişaf etdirən strategiyalardan riyazi bilikləri və STEAM-in inteqrasiyasını təmin edən fəaliyyətlərdən istifadə ediblər. Bundan başqa, tərbiyəçi-müəllimlər oxu prosesinə öncədən hazırlaşmaq, valideynləri bu prosesə cəlb etmək sahəsində də nailiyyətlər əldə ediblər.

Gələcəkdə erkən yaşda uşaqların oxuyub anlama bacarıqlarının inkişafı üçün valideynlərin iştirakı ilə bağlı tədqiqat işini davam etdirəcəyini bildirən İlahə Rəsulova təqdimatın sonunda digər spikerlərin suallarını da cavablandırıb.