Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədilə Təhsil İnstitutunun Məktəbəqədər təhsilin proqramları şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunda yerləşən 347 saylı körpələr evi və uşaq bağçasında “Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkili məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə digər bağçaların tərbiyəçi-müəllimləri də iştirak edib. Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Hazırda sadəcə bilik, bacarıqlar deyil, şəxsiyyətin inkişafında mühüm rol oynayan dəyərlər, səriştələr təhsilin keyfiyyət göstəriciləri kimi qiymətləndirilir.
Məktəbəqədər təhsilin qarşısında duran mühüm vəzifələrdən biri də cəmiyyətə müasir dövrün tələblərinə uyğun daha hazırlıqlı, sağlam, intellektli və səmərəli fəaliyyət göstərmək qabiliyyətinə malik, müstəqil həyata hazır olan şəxslərin hazırlanmasıdır. Bu baxımdan, məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kollektiv də öz işini bu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmağa çalışır.