27 oktyabr tarixində ARTİ tərəfindən “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” adlı vebinar keçirilib.
Tədbirin spikeri Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olub.
Bahadur İbrahimov təqdimatında Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzləri, elektronika və trendləri, robototexnika və sənaye robotları, “Colloborative” (İşbirlikçi) robotlar yaxud Kobotlar, COVID-19-un gətirdiyi yaradıcı həllər və gələcək, təhsildə robotlar mövzuları haqqında çıxış edib.
145 illik startap olan Konika Minolta şirkətinin dünya üzrə 41000 əməkdaşının, 150 ölkədə nümayəndəliyinin və 8 milyard dollar dövriyyəsinin olduğunu vurğulayan spiker Biznes İnnovasiya Mərkəzlərinin məqsədinin innovasiya və transformasiya olduğunu qeyd edib. Müştərilər üçün yeni məhsullar və xidmətlər yaratmaq və yeni korporativ mədəniyyət və insan kapitalı formlaşdırmaq məqsədilə fəaliyyət göstərən mərkəzlərin Avropa bölməsinin robotika sahəsinə rəhbərlik edən B.İbrahimov təqdimatını elektronika üzrə davam edib. O, elektronik əsaslar, elektrik, elektronika, elektromaqnetik sahələr, güc mühəndisliyi, idarəetmə, siqnal işləmə, mikroelektronika haqqında ətraflı məlumat verib və bildirib ki, elektronikanın inkişafı ilə robotlarda yeni era başlayıb. Xüsusilə vurğulanıb ki, sənaye robotları istehsal xərclərini azaldır, dəqiqliyi və məhsuldarlığı artırır.
Daha sonra spiker robot anlayışı, robot elementləri, robot tipləri, sənaye robotlarının tarixi, sənaye robotları haqqında faktlar barədə məlumat verib. Sənaye robotları ilə kobotlar arasındakı fərqlərdən danışan spiker robot proqramlaşdırmanın yaxın keçmişi, kobotlar, universal robotlar, kobotların üstünlükləri, universal robotların imkanları haqqında çıxış edib.
Həmçinin COVID-19 pandemiyası səbəbilə yeni yaranan “Toxunmama iqtisadiyyatı” haqqında da məlumat verilib. Spiker adıçəkilən mövzu üzrə çıxışında toxunmama həlləri, toxunmadan proqramlaşdırma, səs ilə öyrənmə və s. barədə fikirlərini bildirib.
Təhsildə robotlar – robototexnika təhsili ilə bağlı STEM/STEAM, hərəkətəgətiricilər, sensorlar, proqramlaşdırma, virtual robot proqramlama, virtual robotika, sənaye proqramları, robot yarışları, sənaye robotları və s. kimi mövzularda da vebinar iştirakçıları məlumatlandırılıblar.
150-dən çox təhsil idarəçisi, işçisi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı vebinarın sonunda iştirakçıların sualları spiker tərəfindən cavablandırılıb.