İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib

Tarix: 14.10.2024
Paylaş:

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Ağ Şəhər korpusunda və Naxçıvan Muxtar Respublikasında informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçmə imtahanı keçirilib. 2010-cu il təvəllüdlü şagirdlər EJOI (Yeniyetmələrin Avropa İnformatika Olimpiadası), qız şagirdlər EGOI ( Avropa Qızlar İnformatika Olimpiadası), ümumilikdə isə hər bir yuxarı yaş qrupu şagirdi IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıq komandasına düşmək üçün yarışıblar. 4 saat ərzində 3 alqoritmik məsələni həll etmiş şagirdlər nəticələri ilə avtomatik qiymətləndirmə sistemi vasitəsilə yarış bitən kimi tanış olublar.

Seçmə imtahanına əvvəlki tədris ilində informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turuna yüksələn şagirdlər dəvət olunub. Nəticələrlə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Hazırlıq kamplarına seçilmiş şagirdlər xüsusi rənglə işarələnib.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb.

Nəticələr