Təhsil İnstitutu tərəfindən təkmilləşdirilməkdə olan informatika fənn kurikulumunun müzakirəsi təşkil edilib

Tarix: 17.10.2024
Paylaş:

16 oktyabrda Təhsil İnstitutu tərəfindən təkmilləşdirilməkdə olan informatika fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə Bakı şəhəri ümumtəhsil müəssisələrinin fənn müəllimləri və müəllif heyətinin iştirakı ilə keçirilib.

Görüşdə Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib, informatika fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü İsmayıl Sadıqov informatika fənni üzrə kurikulumunda edilən dəyişikliklər haqqında geniş məlumat verib.

Daha sonra işçi qrupu üzvü Şəfəq Ələkbərova təkmilləşdirmə zamanı məzmun standartlarının konkret və anlaşılan formada təqdim edilməsinə, hər alt standart üçün izahın verilməsinə xüsusi diqqət yetirdiklərini bildirib.

Müzakirədə iştirak edən ümumtəhsil müəssisələrinin müəllimləri aparılan təkmilləşdirilmələrə dair rəy və təkliflərini səsləndiriblər və tədbir qarşılıqlı müzakirə formatında davam edib.