“SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatı keçirilib

Tarix: 26.10.2021
Paylaş:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində “SABAH.lab” Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.

22 oktyabr 2021-ci il tarixində “Baku Marriott Hotel Boulevard” otelində “SABAH.lab” Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimatı keçirilib. 

ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək bildirib ki, “SABAH.lab” Akselerasiya Mərkəzinin fəaliyyəti ali təhsil müəssisələri ilə əməkdaşlığa hesablanıb. Qeyd olunub ki, layihə çərçivəsində Avropanın ən yaxşı biznes məktəblərindən biri olan “IE University” ilə əməkdaşlıq edilir. R.Əzizov vurğulayıb ki, “IE University”nin hazırladığı proqramlar əsasında ölkəmizdə olan tələbələrə, gənclərə müəyyən dərslər, təlimlər, proqramlar keçilərək onların yeni, innovativ ideyalarla çıxış etmələri, həmçinin onların layihələrinə müəyyən investisiyaların cəlb olunması təşkil olunacaq.

Layihə haqqında daha geniş məlumat vermək üçün söz “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlıya verilib. Rəhim Bayramlı Azərbaycanda innovasiya mərhələsinin inkişafına dəstək, prosesdə ali təhsil müəssisələrinin, “SABAH.lab” Akselerasiya Mərkəzinin rolu haqqında danışıb. O, qeyd edib ki, tələbələrdən ibarət düzgün kadr potensialının, inkubator mərkəzlərinin, bu sahədə innovasiya mərkəzlərinin qurulması tələbələrin düzgün bilikləri almasında, onlarda bu sahəyə maraq oyanmasında və düzgün yönləndirilə bilməsində, həmçinin gələcək mərhələlər üçün düzgün baza formalaşdırılmasında çox mühüm əhəmiyyət kəsb edir. Layihənin həyata keçiriməsində ali təhsil müəssisələrinin mühüm rolunu vurğulayan R.Bayramlı bildirib ki, “SABAH.lab” Akselerasiya Mərkəzi olduqca praktik və iqtisadi hədəfləri qarşıya qoyub. Qeyd olunub ki, bu hədəflərə çatmaq üçün mərkəzin tədris yönümlü və inkubasiya yönümlü (startapların yaradılması) iki əsas fəaliyyət istiqaməti olacaq.

Azərbaycan Respublikasının Təhsil nazirinin müşaviri Ülkər Səttarova çıxışında layihənin ali təhsil müəssisələrinin nüfuzuna çox böyük dəstək göstərəcəyi və tələbələrin elmi potensialının gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Daha sonra “IE University”nin Sahibkarlıq kafedrasının professoru, “IE Venture Lab”ın icraçı direktoru, müxtəlif proqramlar üzrə dekan müavini Paris de l’Etraz çıxış edib. Çıxışında ilk dəfə Bakıya gəldiyini və bundan məmnunluq hissi duyduğunu vurğulayan Paris de l’Etraz proqramın unikallığı və üstünlükləri barədə danışıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin ideyasının mühüm əhəmiyyəti, eləcə də kütlədən gələn təşəbbüslərin analiz olunması, dövlət tərəfindən maliyyələşdirilməsi və sənayeyə çevrilməsi prosesinin cəmiyyətin sosial sifarişinin yerinə yetirilməsi üçün əhəmiyyətli rol oynaması haqqında çıxış edib.

Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, Azərbaycan Respublikasının Təhsil nazirinin müşaviri Ülkər Səttarova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı və mərkəzin əməkdaşları, “IE University”nin Sahibkarlıq kafedrasının professoru, “IE Venture Lab”ın icraçı direktoru, müxtəlif proqramlar üzrə dekan müavini Paris de l’Etraz və bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.