ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Təbiət fənlərinin tədrisi” adlı vebinar təşkil edilib. Vebinarın moderatoru “Scientix”in Azərbaycandakı səfiri, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Məmmədova olub. 189 nəfər müəllimin iştirakı ilə keçirilən vebinarda “Scientix” təşkilatının ümumi fəaliyyəti və Azərbaycanda təbiət fənlərinin tədrisində yaranan çətinliklər barədə məlumat verilib. Həmçinin V sinif üçün yeni “Təbiət” dərsliyi ilə bağlı suallar cavablandırılıb və dərsliyin tədqiqata əsaslanması nümunələrdə göstərilib. Sonda müəllimlərin istifadə edə biləcəyi faydalı linklər paylaşılıb.
Qeyd etmək istərdik ki, “Scientix” təşkilatı dünyanın bir çox ölkələrini birləşdirərək təbiət fənlərinin və inteqrativ “STEAM” tədrisinin inkişafını hədəf götürüb. Təşkilat müəllimlərin peşəkarlığını artırmaq məqsədi ilə vaxtaşırı canlı və ya onlayn “MOOC” kursları təşkil edir. “Scientix” ilə əməkdaşlıq edən müəllimlər və tədqiqatçılar daima öz təcrübələrini bölüşərək geniş müəllim və tələbə auditoriyasını təbiət fənləri üzrə yeniliklərlə tanış edir. Müəllimlər tərəfindən yaradılan dərs resursları “Scientix” tərəfindən toplanaraq müəllim və tələbələrin sərbəst istifadəsinə verilib.