Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

Tarix: 25.10.2021
Paylaş:

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində müəllimləri əməkdaşlığa dəvət edir.

“Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

– Logistika sistemlərində riyazi modelləşdirmə (Xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, tranzitli nəqliyyat məsələsi (Transshipment problem), nəqliyyat məsələsi (Transportation problem), səyyar satıcı məsələsi (SSM-Traveling Salesman Problem), marşrut seçmə məsələsi (VRP-Vehicle Routing Problem) və digərləri);

– Anbar ehtiyatlarının idarə olunması (Ekonomik Sifariş Miqdarı (ESM), təhlükəsizlik stoku, dövri stok, stoxastik anbar modelləri, məhsulların nə zaman hansı miqdarda sifariş verilməli olduğunun hesablanması və s.);

– Akademik yazı və tədqiqat üsulları (Kitabxana sistemlərində axtarış üsulları, AzTU-nun elektron kitabxanası ilə tanışlıq, ondan istifadə qaydaları, akademik yazıların strukturu, üslubu, akademik yazılara istinad etmə, plagiatçılıq nədir, ondan necə uzaq durmalı və s.);

– Nəqliyyat prosesi və nəqliyyat növləri (Əmtəə və məhsulların nəqliyyat prosesi, hava, dəmir, quru və su yollarında istifadə edilən nəqliyyat növləri və onların xüsusiyyətləri və s.);

– Logistika sistemlərində proqram təminatları (Təchizat zəncirlərinin idarə edilməsində istifadə edilən proqram təminatları, SAP/Oracle/1C kimi  ERP proqramları, onların nəqliyyat/anbar ilə bağlı modulları, bu modulların iş prinsipləri, MRP, və s.);

– Beynəlxalq ticarət (kapital, əmtəə və xidmətlərin ölkələr arasında axını, rəqabət üstünlüyü, beynəlxalq su, quru və hava yolları ilə daşıma marşrutları və s.).

Namizədlərə dair tələblər:

– Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);

– Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;

– Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;

– İKT resurslarından sərbəst istifadə bacarıqları;

– İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.

Müraciət üçün son tarix: 15 noyabr 2021-ci il, saat 23:59