Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.
Layihə çərçivəsində Bakı şəhəri üzrə 54 məktəb, Gəncə və Lənkəran şəhəri və Ağcabədi rayonu üzrə 16 məktəb, eləcə də Zəngilan rayon Ağalı kənd məktəbi də daxil olmaqla 81 ümumtəhsil müəssisəsində yaradılmış uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizminin məktəblərdə yaxşı mənimsənilməsi, həmin ümumtəhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziya olunması və onlara müvafiq dəstəyin göstərilməsi üçün ARTİ tərəfindən superviziya və monitorinqlər sentyabr ayından etibarən start götürüb.
Hazırkı mərhələdə 81 ümumtəhsil müəssisəsində UMT komandaları ilə görüşlər təşkil olunub, mexanizmin əsas iş prinsipləri və effektiv tətbiq edilməsi üçün lazım olan qaydalar haqqında müzakirələr aparılıb, suallar cavablandırılıb. Həmçinin monitorinqi icra edən mütəxəssislər tərəfindən məktəblərdə UMT sistemi ilə əlaqədar hazırkı vəziyyət haqqında məlumat toplanılıb və müxtəlif meyarlar üzrə qiymətləndirmə aparılıb.
Qeyd edək ki, superviziya və monitorinqlər mexanizmin qurulduğu bütün məktəblər üzrə ayda ən az bir dəfə olmaqla ilin sonunadək icra ediləcək.