COP29 çərçivəsində Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində seminar keçirilib

Tarix: 31.10.2024
Paylaş:

COP29 çərçivəsində Təhsil İnstitutu və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 30 oktyabrda “İqlim dəyişmələri və COP29” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Lalə Qəti geniş məruzə ilə çıxış edərək ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı maarifləndirmə kampaniyalarının aparılması, aksiyaların təşkil edilməsi, ətraf mühitin qorunmasının cəmiyyətimiz üçün vacib məsələlərdən olduğunu qeyd edib.

ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva çıxışında ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, iqlim dəyişmələri ilə mübarizə məsələlərini özündə əks etdirən beynəlxalq səviyyəli COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə görülən işlər, xüsusən, ARTİ-nin təhsil müəssisələrində COP29-la bağlı gördüyü işlər haqqında qısa məruzə edib.

Sonra ARTİ-nin aparıcı elmi işçisi Ayna Hümbətova şagirdlərə təbiətin əsrarəngiz gözəlliyindən bəhs edərək onu qorumağa, zərər vurmamağa, çirkləndirməməyə səsləyib, aparıcı mütəxəssis Xalidə Hüseynova isə iqlim dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və ekoloji problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərdən danışıb.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Aişə Abdullayeva azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji” kimi innovativ yanaşmaların tətbiqindən, mərkəzin metodisti Könül Fətiyeva isə “Yaşıl dünya naminə həmrəylik ili”ndə mərkəz tərəfindən görülən işlər, aksiyalar, gələcək ekoloji fəaliyyət planlarından danışıb.

Tədbir zamanı mərkəzin yaradıcı şagirdlərinin rəsm əsərlərinin sərgisi, rəqsləri, ədəbi-bədii kompozisiyası və COP29-la bağlı sənədli film nümayişi maraqla qarşılanıb.