Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) əsas mərhələsinə hazırlıq işləri davam edir

Tarix: 07.11.2024
Paylaş:

 

Beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi 2025-ci ilin yanvar-mart ayları ərzində keçiriləcək və Azərbaycan üzrə 212 təhsil müəssisəsindən 3000-dən çox uşağın iştirakı planlaşdırılır.

Tədqiqatın əsas məqsədi uşaqların koqnitiv, sosial-emosional bacarıqlarını, ev və erkən uşaqlıq təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq və inkişafına dəstək göstərməkdir.

Qeyd edək ki, bu ilin fevral və mart aylarında keçirilmiş sınaq mərhələsi 40 müəssisə üzrə 521 uşağın iştirakı ilə uğurla yekunlaşıb. Sınaq mərhələsi əsas mərhələyə lazım olan proseslərin planlaşdırılması və tənzimlənməsi məqsədilə təşkil olunub.

Məlumat olaraq bildirək ki, IELS tədqiqatında uşaqlar oyun əsaslı tapşırıqlar vasitəsilə aşağıdakı sahələr üzrə bacarıqlarını nümayiş etdirirlər:

  1. İlkin savadlılıq (dinləmə və anlama bacarıqları)
  2. İlkin riyazi bacarıqlar
  3. Özünüidarə və özünütənzimləmə
  4. İşlək yaddaş
  5. Zehni çeviklik

Bu sahələr üzrə əldə edilən məlumatlar təhsil proqramlarının uşaqların ehtiyaclarına uyğun tənzimlənməsi, digər ölkələrin təcrübələrindən öyrənilməsi, tərbiyəçi-müəllimlərin və müəllimlərin peşəkar inkişafının təmin edilməsi üçün dəyərli vasitə olacaq. Tədqiqatdan əldə edilən nəticələr gələcək təhsil siyasətinin təkmilləşdirilməsinə və uşaq rifahına yönəlmiş strategiyaların formalaşdırılmasına yardım edəcək.