ARTİ tərəfindən icra olunan “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasının onlayn formatda bağlanış mərasimi keçirilib.
Giriş nitqi ilə çıxış edən ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva layihənin məzunlarını təbrik edib və onlara uğurlar arzulayıb. Layihənin tələbələrin kibertəhlükəsizlik sahəsində həm nəzəri, həm də praktik bacarıqlarının inkişaf etdirilməsinə verdiyi töhfələrdən bəhs edən S.Babayeva layihənin növbəti fazalarının planlaşdırıldığını bildirib.
Layihənin təlimçiləri Pərvin Sadıqova və Miraqşin Abutalıbov çıxışlarında layihənin təşkilatçılarına təşəkkür edərək məzunlara gələcək karyerlarında müvəffəqiyyətlər arzu ediblər.
Daha sonra ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək layihənin uğurlarından bəhs edib və bu layihə sayəsində ölkədə kibertəhlükəsizlik haqqında məlumatlılığın artdığını qeyd edib. R.Əzizov bildirib ki, bu layihə Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişafının bünövrəsini qoyub, həmçinin məhz belə bir layihədə xaricdə təhsil alan və yaşayan həmyerlilərimizin təlimçi olaraq fəaliyyət göstərməsini də xüsusi olaraq vurğulayıb.
Layihə məzunlarının iştirakı ilə keçirilən tədbirdə “Kibertəhükəsizlik” təlim layihəsinin tanıtım çarxı təqdim olunub.
Xatırladaq ki, ARTİ tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” təlim layihəsinin əsas məqsədi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsi olub.