“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində məktəblərdə mentorluq davam edir

Tarix: 25.11.2024
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan ofisi ilə birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində seçilmiş 67 məktəbdə mentorluq davam edir.

Mentorluq zamanı inklüziv siniflərə cəlb olunan uşaqlar üçün keyfiyyətli təhsilin təmin olunması məqsədilə müəllimlərə, korreksiyaedici pedaqoqlara, psixoloqlara və məktəb rəhbərliyinə mentorluq dəstəyi göstərilir. Mentorluq prosesində sağlamlıq imkanları məhdud şagirdlərin təhsilə cəlb olunması, təlim prosesində yaranan çətinliklərin aradan qaldırılması, valideynlərlə əməkdaşlıq işlərinin aparılması kimi mövzular müzakirə edilir, müvafiq təklif və məsləhətlər verilir.

Mentorluq zamanı toplanan məlumatlar şagirdlərin məktəb mühitinə uyğunlaşma səviyyəsini, sosiallaşma və tədris bacarıqlarını da qiymətləndirməyə imkan verir.

Adaptasiya prosesində müəllimlərin və mentorların rolu əvəzolunmazdır. Yeni təyin olunan müəllimlərdən biri Səmra Abdullayeva tədris prosesinə öz peşəkarlığı ilə töhfə verərək şagirdlərin adaptasiya müddətini qısaltmağa nail olub. “İlk həftədə şagirdlərin sinif mühitinə alışması üçün həm fərdi, həm də qrup şəklində xüsusi yanaşmalar tətbiq etdim. Nəticədə şagirdlər artıq sinifdə özlərini daha rahat hiss edir.” – deyə qeyd edib.

Müəllimlərin inklüziv təhsil üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə metodiki dəstəyin gücləndirilməsinə və mütəmadi maarifləndirici təlimlər təşkil olunması, valideynlərin təhsil prosesinə daha yaxından cəlb olunması üçün maarifləndirici söhbətlərin aparılması mentorluq prosesinin əsasını təşkil edir.

Qeyd edək ki, mentorluq dəstəyinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulub.