İnnovativ məktəb layihəsi çərçivəsində İsraildə keçirilən təlimlər başa çatıb

Tarix: 09.01.2025
Paylaş:

Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə fəaliyyət planına əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İnnovativ məktəb” layihəsi çərçivəsində İsrailin Tel-Əviv şəhərində keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlər başa çatıb.

15 dekabr – 1 yanvar tarixlərini əhatə edən təlimlərin son mərhələsində müəllimlər çoxşaxəli öyrənmə, təhsildə reallıqlar və illüziyalar, sosial-emosional öyrənmə modeli və bu kimi mövzularda təlimlər keçmiş, müxtəlif praktiki fəaliyyətlərə cəlb olunublar. Bununla yanaşı, pedaqoji heyət İsrailin Gan Yavne, Kiryat Gat, Ber Şeva, Ort Singalovski kimi tanınmış təhsil ocaqlarına səfər edib, buradakı öyrənmə mühiti və tədris metodları ilə tanış olublar.

Təlimlərin son günü layihə əsaslı öyrənmənin təşviqi məqsədilə təlim iştirakçılarına praktik interaktiv sessiya keçirilib.

Sözügedən təlimlərin bağlanış mərasimi 31 dekabr tarixində keçirilib. Təlimlərin ikinci hissəsinin yanvar ayının sonlarında Bakı şəhərində baş tutması planlaşdırılır.