13-17 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak edib. 15 ölkədən olan 700-dən çox məktəbli bu olimpiadada öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Böyük qürur hissi ilə bildiririk ki, milli komandamız ölkəmizə 1 qızıl, 7 bürünc olmaqla ümumilikdə 8 medal qazandırıb. Belə ki, informatika fənni üzrə Bakı Şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Tahir Əliyev, Bakı Türk Anadolu liseyinin X sinif şagirdi Əhməd Qəmbərli, Bakı şəhəri, Ankara-məktəb liseyinin XI sinif şagirdi Əli Əliyev bürünc medala, riyaziyyat fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov bürünc medala, fizika fənni üzrə isə Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli bürünc medala layiq görülüb.
Şagirdlərimizi və müəllimlərimizi bu yüksək uğura görə təbrik edirik.