Təhsil İnstitutu tərəfindən Məktəbin İnkişaf Planı çərçivəsində görüşlər davam edir

Tarix: 14.02.2025
Paylaş:

13 fevral tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən 91 və 265 nömrəli tam orta məktəblərdə monitorinq və görüşlər keçirilib. Görüşlərin məqsədi Məktəbin İnkişaf Planının (MİP) tətbiq edildiyi məktəblərdə tədris prosesinin keyfiyyətini dəyərləndirmək və onun effektivliyini artırmaq olub.

İlkin mərhələdə müəllimlərin pedaqoji yanaşmalarını və tədris prosesində tətbiq etdikləri metodları təhlil etmək məqsədilə dərs müşahidələri aparılıb. Dərsdinləmə prosesi qiymətləndirmə meyarları əsasında həyata keçirilib və müəllimlərin dərsin planlaşdırılmasının altstandartlara, təlim nəticələrinə, qiymətləndirmə meyarlarına və öyrənmə fəaliyyətinə uyğunluğu qiymətləndirilib. Bununla yanaşı, sinfin idarə edilməsi, şagirdlərin yüksək səviyyəli təfəkkür tələb edən sual və tapşırıqlara cəlb edilməsi, interaktiv metodların şagird nailiyyətlərinə təsiri və şagirdlər arasında əməkdaşlığın təşviqi kimi aspektlər xüsusi diqqət mərkəzində olub.

Dərs müşahidələrindən sonra müəllimlərə fərdi əsasda rəy bildirilib və onların peşəkar inkişafı üçün tövsiyələr irəli sürülüb. Bu proses müəllimlərin metodiki bacarıqlarını təkmilləşdirmək və effektiv rəy təqdim etməklə onların peşəkar inkişafına töhfə verməyi hədəfləyir.

Sonrakı mərhələdə idarəetmə və pedaqoji heyətdən ibarət MİP qrupları ilə görüşlər keçirilib. Bu görüşlərdə müşahidə edilən dərslərin nəticələri, MİP-in tətbiqinin gedişatı və tədris keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər müzakirə olunub. Müəllimlər arasında təcrübə mübadiləsi aparılıb, çətinliklər və onların həlli yolları araşdırılıb. Eyni zamanda MİP-in daha effektiv icrası və tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Metodiki görüşlərin keçirilməsi, tədris prosesində tətbiq olunan metodların effektivliyinin dəyərləndirilməsi ilə yanaşı, müəllimlər arasında əməkdaşlığın gücləndirilməsinə və növbəti dövr üçün strateji fəaliyyətlərin planlaşdırılmasına imkan yaradır.

Qeyd etmək lazımdır ki, MİP-in reallaşdırılması ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsini, şagirdlər üçün daha effektiv öyrənmə mühitinin yaradılmasını və pedaqoji heyətin peşəkar inkişafına dəstək verilməsini hədəfləyir. MİP çərçivəsində bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.