Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və ARTİ tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsinin fəaliyyəti çərçivəsində beynəlxalq əməkdaşlıqlar davam etdirilir. “ORT İsrail” məktəblər şəbəkəsi və Tükiyənin Bahçeşehir kollecinin STEAM mütəxəssisləri ilə müəllimlərin bu istiqamətdə təlimləndirilməsi prosesi həyata keçirilir. Təlim proqramları STEAM modullarına uyğun olaraq tərtib olunub.
Hal-hazırda “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən iki modul üzrə təlimlər keçirilir. Modullara “Dəqiq texnologiyalar/Kənd təsərrüfatı” və “Təlimçilərin təlimi” aiddir.
“Dəqiq texnologiyalar/Kənd təsərrüfatı” modulu üzrə təlimlərə “STEAM Azerbaijan” layihəsinin və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları cəlb olunublar. Təlimlərdə müdavimlər dronlar, onların iş prinsipləri və kənd təsərrüfatında müxtəlif istiqamətlər üzrə tətbiqi haqqında bilik və bacarıqlar əldə ediblər. Təlimlərin birinci mərhələsi distant, ikinci mərhələsi isə İsrail mütəxəssislərinin iştirakı ilə əyani olaraq keçiriləcək.
“Təlimçilərin təlimi” modulu üzrə təlimlərə isə “STEAM Azerbaijan” layihəsinin əməkdaşları və “STEAM Azerbaijan” layihəsində təlimçi kimi fəaliyyət göstərən müəllimlər cəlb ediliblər. Qeyd olunan təlimlərin keçirilməsində əsas məqsəd bu istiqamətdə bilik və bacarıqların daha da artırılması, təlim prosesinin mövcud vəziyyətdən asılı olaraq istənilən tədris formasına asanlıqla uyğunlaşdırılması haqqında təsəvvür formalaşdırmaqdır.