ARTİ MDM tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərə növbəti vebinar keçirilib

Tarix: 14.04.2025
Paylaş:

 

“Müasir metodist” layihəsi çərçivəsində 10 aprel tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən “Oxuyub-anlama dərslərində differensial yanaşmanın tətbiqi” mövzusunda növbəti vebinar təşkil olunub. Vebinarda ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili üzrə fəaliyyət göstərən metodistlər iştirak ediblər.

Vebinar çərçivəsində oxuyub-anlama prosesində diferensial yanaşmanın tətbiqi, şagirdlərin akademik səviyyəsinə, maraq dairəsinə və öyrənmə tərzinə uyğunlaşdırılmış təlim strategiyalarının tətbiqi, çətinlik səviyyəsinə görə fərqli tapşırıqların və sualların hazırlanması, eləcə də differensial yanaşmanın mahiyyəti haqqında müzakirə aparılıb.

Metodistlərlə praktik fəaliyyətlər həyata keçirilib, mətn üzərindən çətinlik səviyyəsinə uyğun fərqli suallar hazırlanıb. Eyni zamanda metodistlər differensial yanaşmanın şagirdlərin motivasiyasına və tədris nailiyyətlərinə təsiri ilə bağlı təcrübələrini paylaşaraq tətbiq etdikləri metodlar barədə fikir mübadiləsi aparıblar.

İştirakçılar arasında keçirilən aktiv müzakirə zamanı qarşıya çıxan çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları da nəzərdən keçirilib, praktik nümunələr üzərində iş aparılıb. Vebinarda  diferensial yanaşmanın yalnız dərsin fərdiləşdirilməsinə deyil, eyni zamanda şagirdlərin öyrənməyə motivasiyasının artırılmasına, təlim nəticələrinin yüksəldilməsinə və tədris prosesində bərabər imkanların təmin olunmasına xidmət ediyi vurğulanmışdır. Bu baxımdan, metodistlərin müasir pedaqoji yanaşmaları sinif mühitində tətbiq etməkləri mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir. Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.