“Müasir metodist” layihəsi çərçivəsində metodistlər üçün vebinarlar davam edir

Tarix: 23.04.2025
Paylaş:

21 aprel tarixində ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində metodistlər üçün “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması” mövzusunda vebinar keçirilib.

Vebinarın əsas məqsədi şagirdlərin mətnlə işləmək, məzmunu anlamaq və təhlil etmək bacarıqlarının inkişafına yönəlmiş təlim strategiyalarını mənimsəməsinə dəstək vermək və bu istiqamətdə onların praktik və metodik bacarıqlarını gücləndirmək olub.

Vebinar çərçivəsində metodistlər tərəfindən şagirdlərin oxuyub-anlama bacarıqlarını dəyərləndirməyə xidmət edən suallar hazırlanıb, altstandartların reallaşdırılmasına yönəlmiş konkret tapşırıqlar tərtib olunub və bu tapşırıqların tədrisə necə inteqrasiya olunması ilə bağlı praktik yanaşmalar müzakirə edilib.

Eyni zamanda vebinarda interaktiv müzakirələr təşkil olunub, metodistlər dərs təcrübələrini paylaşıb, qarşılaşdıqları çətinlikləri birgə təhlil edib və mövzu üzrə metodik tövsiyələr veriblər.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərin əsas məqsədi ümumi təhsilin keyfiyyətini yüksəltmək və müəllimlərin metodik fəaliyyətinə dayanıqlı dəstək verməkdir.

Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.